Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bir ay sonra ikinci dəfə Tehrana səfər edib. İran mətbuatı Şoyqunun Prezident Putinin mesajını İran Prezidenti Pezeşkiana çatdırmağa gəldiyini bildirir. Şoyqunun iranlı həmkarı Əli Əkbər Əhmədian ötən həftə Sankt Peterburqda Putinlə görüşmüşdü. Şübhəsiz ki, Şoyqunun bu səfəri Peterburqda danışılanlarla əlaqəlidir.
Ardıcıl səfərlərin başlıca mövzusu hərbi əməkdaşlığın “dərinləşdirilməsi”dir. Qərb mənbələri Rusiyanın silah-sursat axtarışına çıxdığını və İrandan çox sayda ballistik raket aldığını iddia edir. Artıq bu məsələ ilə bağlı Qərb ölkələri İrana yeni sanksiyalar da tətbiq etməyə başlayıb.
Bəs yeni sanksiyalara baxmayaraq, Rusiyaya ballistik raketlər göndərən Tehran qarşılığında Moskvadan nə istəyib? Bununla bağlı, maraqlı versiyalar var. Ən diqqətçəkəni budur ki, İran tərəfi nüvə silahı prosesinin sürətləndirilməsi üçün Rusiyadan texnoloji dəstək istəyib. İngilis mətbuatı yazır ki, sözügedən mövzu ABŞ Prezidenti ilə Britaniya Baş naziri arasında ötən cümə baş tutmuş görüşdə də müzakirə olunub.
Maraqlı sual budur ki, Rusiya cənub qonşusu İranın nüvə silahı əldə etməsini istəyərmi? Hər nə qədər strateji tərəfdaş kimi görünsələr də, bu iki ölkəni ABŞ-a qarşı geosiyasi mübarizədən başqa birləşdirən ortaq maraq və ya dəyərdən danışmaq mümkün deyil. Əksinə, bu iki ölkə Cənubi Qafqaz başda olmaqla, bir sıra məsələlərdə zidd maraqlardan çıxış edirlər. İran kimi yayılmaçı ambisiyası olan dövlətin nüvə silahı əldə etməsi gələcəkdə Rusiyanın özünü də təhdid edə bilər. Hər halda məsafə olaraq da, İranın raketləri üçün Moskva Vaşinqtondan dəfələrlə yaxındır.
İkincisi, Moskva Tehrana nüvə silahı üçün lazımi texnologiyanı ötürsə, bu, Rusiyanın həm Ərəb dünyası, həm də İsrail ilə münasibətlərinə sarsıdıcı təsir göstərəcək.
Bütün bunlara baxmayaraq, hazırda aktiv müharibədə aparan və Qərb tərəfindən strateji obyektləri hədəf alınmaqla təhdid olunan Rusiyanın da İran kimi hərbi tərəfdaşa ehtiyacı var ki, iranlılar yaranmış bu tarixi fürsətdən uduşlu çıxmağa çalışırlar. Əslində İranın özü üçün də vəziyyəti kritik saymaq olar. İrana qarşı sərt addımların atılmasına tərəfdar olan Trampın Vaşinqtonda hakimiyyətə qayıtmaq ehtimalı və son aylarda İsrailin durmadan “əl yüksəltməsi” Tehranı da nüvə silahı prosesini sürətləndirməyə vadar edir.
İranın nüvə silahı əldə etməsi Azərbaycan üçün də tamamilə yeni və daha təhlükəli dövr olacaq. Çünki Azərbaycan dünyada iki nüvə silahlı qonşusu olan azsaylı ölkələrdən birinə çevriləcək. Sendviç effektinə bənzədilən, şimaldan və cənubdan iki böyük güc tərəfindən sıxışdırılmamız tamamilə yeni məzmun qazanacaq. Şübhə yoxdur ki, nüvə silahının əldə olunması Cənubi Qafqaz və Xəzər hövzəsindəki bir çox dinamikaları İranın xeyrinə dəyişəcək.
@serqebaxisKo'proq ko'rsatish ...